Ağcabədidə müşavirə keçirilib- Mais İbrahimov, Ağcabədi (+FOTO=34)

Ağcabədidə müşavirə keçirilib- Mais İbrahimov, Ağcabədi (+FOTO=34)

 Ağcabədi rayonunda 2022-ci ildə pambıq yığımının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə RİH başçısı Rafil Hüseynov, “Azərpambıq ASK” MMC şirkətinin baş aqronomu Rəfael Talıbov, “P-Aqro” MMC şirkətinin baş aqronomu Musa Hüseynov, “MKT-İK” MMC-nin şöbə müdiri Həşim Camalov, Ağcabədi DAİM-nin direktoru Abbas Süleymanov, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, pambıq istehsalçıları, fermerlər, pambıq qəbulu məntəqələrinin əməkdaşları, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak edib.

Toplantıda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov son illər pambıqçılığın inkişafının prioritet məsələ kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb, bu istiqamətdə görülən işlərdən danışıb. Pambığın insanların sosial həyatındakı böyük rolundan söz açan rayon rəhbəri məşğulluğun təmin edilməsi, işsizliyin aradan qaldırılmasında bu sahənin inkişaf etdirilməsinin nə qədər əhəmiyyətli olduğunu qeyd edib. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə pambıqçılığın sürətlə inkişaf etdiyini, o illərdə məhsul istehsalına görə Ağcabədinin ən öncül rayonlar sırasında olduğunu yada salan R. Hüseynov rayonumuzda pambığın şöhrətinin yenidən qayıtması üçün mühüm işlərin görüldüyünü bildirib. Qeyd olunub ki, 2022-ci ildə respublika üzrə ən çox məhsulu məhz Ağcabədi rayonu verib və pambıq yığımı hələ də davam edir. İcra başçısı çıxışı zamanı həmçinin bir çox vacib məsələlərə toxunub, qarşıda duran vəzifələrdən söz açıb.

Sonra Ağcabədi DAİM-nin direktoru Abbas Süleymanovun hesabatı dinlənilib. Hesabat zamanı qeyd olunub ki, 2022-ci təsərrüfat ili üçün şirkətlərlə birlikdə ümumilikdə 11838.58 hektar sahədə çiyid səpini aparılmış və həmin sahələrdə mövsüm ərzində aqrotexniki tələblərə uyğun becərilmə işləri həyata keçirilmişdir. Pambıq yığımının vaxtında itkisiz başa çatdırılması üçün əvvəlcədən konbaynların vəziyyəti yoxlanılmış və 49 ədəd kombaynın yığımda iştirakı təmin edilmişdir. Çiyid səpini aparılmış 11838.58 hektar sahədən 40362.43 ton məhsul toplanaraq hər hektardan orta məhsuldarlıq 34.1 sentner təşkil etmişdir ki, bu da 2021-ci ildə əldə olunmuş məhsuldarlıqdan(30.4 sentner) 3.7 sentner çoxdur. A. Süleymanov Ağabəyli, Cəfərbəyli, Hacıbədəlli, Qaravəlli, Xocavənd, Təzəkənd, Kürdlər, Şahsevən, Şahsevən-Təzəkənd və Kəbirli kəndlərində hər hektar sahədən 40 sentner və daha çox məhsul əldə olduğunu xüsusi vurğulayıb, əldə edilən uğurlara görə fermerlə minnətdarlığını bildirib.O, qeyd edib ki, məhz bunun sayəsində ötən illərdə olduğu kimi, bu il də daha bir pambıqçı fermerimiz- Quliyev Famil Seymur oğlu ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən “Əmək” ordeni ilə təltif olunmuşdur. 2023-cü ildə pambıq əkini üçün tədarükçü şirkətlər tərəfindən fermerlərlə müqavilələrin bağlanmasından da söz açan A. Süleymanov bildirib ki, hal-hazıradək bağlanmış müqavilə və edilmiş müraciətlərin cəmi ötən il bağlanmış müqavilənin 71 %-ni təşkil edir.O, müqavilə bağlanmasında geridə qalan Aran, Arazbar, Boyat, Gələbədin, Hacıbədəlli, Qaravəlli, Qiyaməddinli, Minəxorlu, Muğanlı,Rəncbərlər, Şahsevən Təzəkənd, Şərəfxanlı, Taynaq, Təzəkənd və Yuxarı Qiyaməddinli kəndlərini nəticə çıxarmağa çağırıb. Mərkəz direktoru həmçinin erkən şum aparılmış sahələrdə qış aratının aparılmasının əhəmiyyətindən, köhnə yonca yerlərini siçanbənzər gəmiricilər məhv etdiyi üçün həmin sahələrdə pambıq əkilməsinin məqsədəuyğun olduğundan danışıb, gələcəkdə suvarma, alaq otları və digər məsələlərlə bağlı qarşıya çıxa biləcək problemlərin qarşısının vaxtında alınması üçün müəyyən təklif və tövsiyələrini bildirib.

“Azərpambıq ASK” MMC şirkətinin baş aqronomu Rəfael Talıbov çıxışında müşavirənin əhəmiyyətindən söz açıb. Rayonda pambıqçılığın inkişafı üçün böyük işlərin həyata keçirildiyini bildirən natiq şirkət olaraq öz üzərlərinə düşən işlərdən də danışıb. Bildirilib ki, “Azərpambıq ASK” MMC-nin ən böyük filialı Ağcabədi filialıdır, şirkət işini günün tələbləri səviyyəsində qurmağa çalışır, hazırda burada böyük dəyişikliklər gedir. Sonra MKT-İK” MMC-nin şöbə müdiri Həşim Camalov çıxış edib. O, hazırda qarşıda duran əsas vəzifənin pambıqçılığın inkişaf etdirilməsi olduğunu bildirib, “MKT-İK” MMC-nin bununla bağlı gördüyü işləri diqqətə çatdırıb. Həmçinin pambıqçılıqda bir sıra problemlərə toxunan H.Camalov onların həlli yollarını göstərib. Bu problemlərdən birinin də torpaqda mikroelementlərin azalması olduğunu bildirən şöbə müdiri həmin torpaqların bitkilərin təlabatına uyğun gübrələnməsinin vacibliyini vurğulayıb. H.Camalov həmçinin böyük məhsul itikisinə səbəb olan ziyanvericilərlərlə bağlı fermerlərin yaşadığı çətinlikləri diqqətə çatdırıb, buna qarşı lazımi mübarizə tədbirlərindən danışıb, bəzi tövsiyələrini verib.

“P-aqro” MMC şirkətinin baş aqronomu Musa Hüseynov da pambıqçılıqda əldə olunan uğurlarla yanaşı, mövcud problemlərdən, bununla bağlı görülən işlərdən söz açıb. Sonra fermerləri narahat edən məsələlər, təkliflər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Fotomüxbir:   Mais  Amin  AZpress.AZ  Ağcabədi.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020