AMEA-nın Kimya Elmləri Bölməsi 2022-ci ildəki fəaliyyətinə dair hesabat verib +FOTO=14

AMEA-nın Kimya Elmləri Bölməsi 2022-ci ildəki fəaliyyətinə dair hesabat verib +FOTO=14

AMEA-nın Kimya Elmləri Bölməsi 2022-ci ildəki fəaliyyətinə dair hesabat verib 

 

Yanvarın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, elmi müəssisə və təşkilatların baş direktorları, aidiyyəti şəxslər, ali təhsil müəssisələrinin və KİV-in nümayəndələri iştirak ediblər.
Əvvəlcə AMEA-nın Kimya Elmləri Bölməsinin alimlərinin 2022-ci ildə əldə etdikləri mühüm nəticələri əks etdirən sərgiyə baxış keçirilib.
Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib. Yanvar ayı ərzində AMEA-nın Rəyasət Heyətinin iclaslarında Lənkəran Regional Elmi Mərkəzi, Humanitar, İctimai və Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin 2022-ci ildəki fəaliyyətlərinə dair hesabatların dinlənildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli göstəricilərin ötən illə müqayisədə yüksək olduğunu, xüsusilə Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çıxan məqalələrinin sayının artdığını, tətbiq olunan işlərin miqyasının genişləndiyini vurğulayıb.
AMEA rəhbəri qeyd edib ki, Rəyasət Heyətinin bugünkü iclasında Akademiyanın Kimya Elmləri Bölməsinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatı ictimaiyyətə təqdim edilir.
Sonra Kimya Elmləri Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Dilqəm Tağıyev bildirib ki, ötən il “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikası 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2023-ci illər üçün Tədbirlər Planı”, “Şuşa İli” çərçivəsində, eləcə də AMEA-nın Ümumi yığıncağının 27 aprel 2022 ci il tarixli qərarının, “Azərbaycan Milli Elmlər Akademiyasının 2021-2025-ci illər üçün inkişaf proqramı”nda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi və ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı işlər görülüb.
Akademik qeyd edib ki, ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində Kataliz və Qeyri-üzvi Kimya İnstitutu tərəfindən 2022-ci ildə Şəmkir və Yenikənd SES-lərdə aparılan sistematik elmi-tədqiqat işləri nəticəsində onların hidrotexniki qurğularının su mühitində korroziya sürətləri təyin olunub və korroziyaya qarşı katod mühafizəsi üsulu təklif edilib.
Eyni zamanda “Azərbaycan Respublikasında işğaldan azad edilmiş ərazilərin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planı və AMEA-nın Rəyasət Heyətinin 12 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş AMEA-nın Tədbirlər planına əsasən Neft-Kimya Prosesləri İnstitutu tərəfindən Tərtər rayonunda 1 ha ərazidə piramidal yolka, çinar və kiparis tingləri “Qarabağ-4” bitki boy stimulaşdırıcı istifadə edilməklə əkilib. Boy stimullaşdırıcı istifadə edilən bitkilərin kök sisteminin və gövdəsinin böyük fərqlə inkişaf etdiyi aşkar olunub.
Hesabat ilində AMEA-nın Kimya Elmləri Bölməsinin elmi müəssisələri və respublikanın kimya elmləri sahəsində digər elm və təhsil müəssisələrində fundamental və tətbiqi elmi tədqiqatlar sahəsində 50 mühüm elmi və tətbiqi xarakterli nəticələr əldə edilib. İnstitutlar tərəfindən təklif edilən 5 iş müxtəlif təşkilatlarda sınaqdan keçirilib, müsbət nəticələr əldə olunub.
Belə ki, quyularda və neftçıxarma borularında asfalt, qətran və parafinçökmənin qarşısının alınması məqsədi ilə təbii neft turşularının törəmələri, yüngül fleqma əsasında (Marka A “Parkorin-22”) və dizel distilatı, yüngül fleqma, təbii neft turşularının törəmələrinin qarışıqları əsasında (Marka B “Parkorin-22”) parafinçökmə inhibitor-bakterisidinin istehsalı təşkil olunub. Şəmkir və Yenikənd SES-lərdə aparılan sistematik elmi-tədqiqat işləri nəticəsində adı çəkilən SES-lərin hidrotexniki qurğularının su mühitində korroziya sürətləri təyin olunub, SES-lərin su hövzələrinin kimyəvi və bakterioloji tərkibi müəyyənləşdirilib. Bəzi d.f- elementlərinin əsasında alınmış nanoqurukuşlu kompozitərin neftlərin reoloji xassələrinə, ən əsası axıcılığına təsiri araşdırılıb, tədqiqatlar nəticəsində neftin kinematik özlülüyün ~65-70%, qətranın miqdarı isə 50% aşağı düşdüyü müəyyən edilib. Dodesilfenolun formaldehid və ammonyakla kondesləşmə məhsulunun formaldehid və aminosirkə turşusu ilə reaksiya məhsulunun karbonatlaşmış kalsium duzu olan AKİ-124, formaldehid və p-benzoy turşusu ilə reaksiya məhsulunun karbonatlaşmış kalsium duzu olan AKİ-134 yeni yüksək qələvili çoxfunksiyalı aşqarlar sintez edilib.
Hesabat ilində bölmənin institutlarında 12 problemi əhatə edən 42 mövzu və 117 iş üzrə tədqiqatlar aparılıb, 2 mövzu və 64 iş tamamlanıb. Bölmənin institutlarında 22 Azərbaycan patenti alınıb.
Bölməyə daxil olan institutların əməkdaşları tərəfindən 6 kitab (1-i xaricdə), 16 monoqrafiya (1-i xaricdə), 403 məqalə (229-u xaricdə), 794 tezis (191-i xaricdə), 3 dərslik, “Web of Science” və “Scopus” bazalarında 217, digər bazalarda isə 118 məqalə (ümumilikdə 335 məqalədən 132-si Q1 və Q4 kateqoriyalı jurnallarda) işıq üzü görüb, alimlərin əsərlərinə 3750 istinad qeydə alınıb.
Məruzəçi diqqətə çatdırıb ki, “Scimago” reytinq agentliyinin 2021-ci ildəki göstəricilərinə əsasən, Azərbaycan kimya elmi dünya üzrə 70-ci yerdə qərarlaşıb.
Bölmənin kadr potensialı barədə də danışan D.Tağıyev AMEA-nın Kimya Elmləri Bölməsinin tərkibində 10 həqiqi, 11 müxbir üzv, 81 elmlər, 254 fəlsəfə doktorunun fəaliyyət göstərdiyini söyləyib. Qeyd edilib ki, elmi dərəcəsi olan bir elmi işçiyə 3,57elmi əsər və 11,2 istinad düşür.
Bölmə institutlarında 40 magistrant, 163 doktorant və dissertant təhsil alır.
Məruzədə, həmçinin elmi kadrların hazırlanması, müqavilələr üzrə həyata keçirilmiş işlər, beynəlxalq əlaqələr, elmlə təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, təltif və mükafatlar barədə də məlumat verib, problemlər və qarşıda duran vəzifələri diqqətə çatdırılıb.
Hesabat dinlənildikdən sonra məruzə ətrafında akademiklər – Arif Həşimov, İbrahim Quliyev, Rasim Əliquliyev, Vaqif Abbasov, Vaqif Fərzəliyev, Abel Məhərrəmov, Adil Qəribov, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Daha sonra çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli kimyaçı alimlərin 2022-ci ildəki fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan kimya elminin inkişaf prosesində olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli bölmənin müəssisələrində tətbiqi xarakterli işlərin sayının artmasını müsbət qiymətləndirərək qeyd edib ki, qrant layihələrində, eləcə də Avropa Komissiyasının “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramında alimlərimizin iştirakı genişləndirilməlidir. Elm və Təhsil Nazirliyi birgə Azərbaycan alimlərinin elmimetrik göstəricilərinin təhlilinin aparılacağını, AMEA-da bu işlə yeni yaradılmış Elektron Akademiya şöbəsinin məşğul olacağını söyləyib.
AMEA rəhbəri Akademiyanın bütün elmi bölmələrində yeni nəsil kadrların yetişdirilməsi işinə diqqətin artırılmasının vacibliyini bildirərək 40 yaşadək elmlər doktorluğunu müdafiə edənlərin sayının ciddi dərəcədə az olduğunu söyləyib, bu istiqamətdə institutlarda əməli addımların atılmasının zəruriliyini vurğulayıb.
Rəyasət Heyətinin iclasında Kimya Elmləri Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat qənaətbəxş hesab edilib və müvafiq qərar qəbul olunub.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020