Gülağa Tənha: BU DƏNİZ NİYƏ BELƏDİ

Gülağa Tənha: BU DƏNİZ NİYƏ BELƏDİ

Gülağa Tənha:  

BU DƏNİZ NİYƏ BELƏDİ

 

Hanı qağayısı, görünmür nədən?
Niyə ləpələri sahilə çatmır?
Uzaq səfərlərdən baş alıb gələn
Yorğun dalğaları mənzilə çatmır;
Görəsən, bu dəniz niyə belədi?


Yenə saçlarını dağıdan külək
Oyadır o həzin xatirələri…
Niyə su çiləmir qədəmlərimə?
Ürəyim uçunur bayaqdan bəri;
Görəsən, bu dəniz niyə belədi?


Çırpınır…
Uçunur…
Təntiyib yaman,
Niyə dalğasını soyuna bilmir?
Məndənmi çəkinir?
Günün bu vaxtı
Sahil nə müddətdi yuyuna bilmir;
Görəsən, bu dəniz niyə belədi?


Dalğalar sözünü yazır sahilə,
Burda yazılar da qarışıq düşüb…
Bunamı darılır?
Yoxsa bu gecə
Gördüyü yuxular dolaşıq düşüb?


Elə bilirdim ki, sahillə dalğa
Barışıb, araya barışıq düşüb…
Yox belə deyilmiş…
Belə deyilmiş;
Görəsən, bu dəniz niyə belədi? …


Görən nəyə görə aqil kişilər
Qüruba qaranlıq məzar deyirmiş?.. …
Baxıram, gözümü yorur ləpələr,
Bayaqdan baxıram…
Xəzər deyilmiş…


Madrid, iyul, 2005

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020