Sevinc Ədalətqızı: ZƏNGİLAN DEYƏNDƏ ŞƏHİD GENERAL MƏHƏMMƏD ƏSƏDOVU DÜŞÜNÜRƏM!

Sevinc Ədalətqızı: ZƏNGİLAN DEYƏNDƏ ŞƏHİD GENERAL MƏHƏMMƏD ƏSƏDOVU DÜŞÜNÜRƏM!

Sevinc Ədalətqızı: ZƏNGİLAN DEYƏNDƏ ŞƏHİD GENERAL MƏHƏMMƏD ƏSƏDOVU DÜŞÜNÜRƏM!

 

Şəhadətinin 31-ci ildönümü münasibətilə!

 

Zəngilanı həmişə uca çinarları ilə xəyal etmişəm. Ağbəndi, Mincivanı isə Arazın o tayından- Qaradağ mahalından dəfələrlə həsrətlə, nisgillə seyrə dalmışam. Hələ Dəli Kürün bir qolunun bu qədim diyardan axıb keçdiyini də duyub  heyrətlənmişəm. 

 

Beş qəsəbəsi var Zəngilanın: Ağ Oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri. Bartaz qəsəbəsi Zəngəzurun bir addımlığındadır. Vejnəli kəndi qızıl yatağıdır. Mincivanın füsunkarlığına söz ola bilməz. Yeri gəlmişkən, onu da qeyd edim ki, bir Mincivanımız o tayda, bir Mincivanımız isə bu taydadır. Yəni bir Mincivan Qarabağın, bir Mincivan isə Qaradağın payına düşüb. Qəhrəman generalımız Məhəmməd Əsədovun nigaran ruhunun nicat tapdığı, gəzib-dolaşdığı yerlərdi bu torpaq. Doğulduğu əsrarəngiz çinar meşəsinə malik olan Baharlı kəndi Vətənin azad baharına qovuşub. Şərəflilər şəhəri deyilən Şərifan yeraltı xəzinəmizin açarı yenidən öz əlimizdədir. Çox qürurluyam ki, bu gün Zəngilanda yaşayış bərpa edilir. Məhəmməd Əsədov kimi qüdrətli, müdrik simalar yetirən bu qədim diyar yenidənqurma dövrünü yaşayır. Əzəli doğma yurda ilk qayıdışımız da məhz Zəngilanın Ağalı kəndindən başladı. Bu gün Ağalı kəndində qaynar həyat öz axarıyla davam edir. Zəngilanın işğal dövründə doğma-yurd yuvalarından didərgin düşmüş Ağalı kəndinin sakinləri indi öz ocaqlarının istisinə isinməkdədirlər. Nə böyük bir şərafət, nə böyük bir qürur! Bəlkə Məhəmməd Əsədov yaşasaydı, ömrü 1991-ci ilin 20 noyabrında müəmmalı helikopter qəzasında faciəli şəkildə qırılmasaydı doğulduğu torpağın azadlığını gözləriylə görüb, fərəhlənər, qürrələnərdi. Onu da qeyd edim ki, bu tarixi, faciəli məqama keçməzdən əvvəl bir acı həqiqətə sığınaraq bildirmək istəyirəm ki, bəlkə Məhəmməd Əsədov yaşasaydı doğma Zəngilan torpağı və digər əzəli, əbədi yurd yerlərimiz 30 illik erməni işğalında qalmayacaqdı. Çünki Məhəmməd Əsədov 1991-ci ilin soyuq noyabr günündə Azərbaycanın bir sıra dövlət rəsmiləri ilə birgə  Qarabağa doğru uçuş edən Mi-8  helikopterində millətinin  taleyini düşünərək qərar tutmuşdu. Lakin bu fövqəladə uçuşun bir daha dönüşü olmadı. Axı, generalımızın tale yazısında şərəfli Şəhadətə ucalmaq var imiş. Arzusu, məramı canından da çox sevdiyi Vətəninin, xalqının, millətinin firəvan yaşamını, əmin-amanlığını təmin etmək naminə əzmlə çalışmaq idi.

 

Azərbaycan Respublikasının görkəmli dövlət xadimi, AMON-un yaradıcısı, general-mayor Məhəmməd Nəbi oğlu Əsədov  1941-ci il dekabrın 5-də Zəngilanın Baharlı kəndində dünyaya göz açıb. Sumqayıt, Ağsu, Beyləqan, Ağdaş, Quba rayonlarında birinci katib vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Daxili işlər naziri (17 aprel-13 noyabr 1991), Azərbaycan Respublikasının müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə Dövlət müşaviri (13 noyabr 1991-20 noyabr 1991) vəzifəsini icra edib.  O, xalqının, millətinin taleyini şəxsi maraqlarından üstün tutan Vətəninə vicdanlı, sadiq general idi.  Qarabağda-Xankəndidə əhalininin asayişini  pozmaqla hökm sürən erməni fitnə-fəsadının qarşısını almaq üçün silahlı qüvvələri səfərbər edib. Bu əzəmətli generalın müdrik nəzərləri son nəfəsinədək Qarabağın üzərində olub. Ağdam, Laçın, Kəlbəcərin erməni separatçılarından təmizlənməsində yaxından iştirak edib. Bu məqamı da qeyd edim ki,  ermənilər  cəsur generalımızın adını belə eşidərkən təşvişə düşərdilər. Odur ki, generalımızın başına yüksək məbləğdə pul qoymuşdular. 

 

Tarixi Pircavanın-Zəngilanın Baharlı kəndi 2020-ci il oktyabrın 21-də erməni silahlı qüvvələrindən  təmizlənib,  azadlığına qovuşan gün həm qürurlu, həm də kövrək duyğularla general  Məhəmməd Əsədovu düşünmüşdüm. Hesab edirəm ki, həmin qürurverici anlarda Şəhid Generalımızın nigaran ruhu şad oldu. Onu da qeyd edim ki, mənim Şəhid Generalımızın möhtərəm ruhu qarşısında bir niyyət borcum var. Nə zaman Zəngilana yolum düşərsə, düşünürəm ki, bu yolun, bu səfərin ilk ünvanı Məhəmməd Əsədovun İkinci Fəxri Xiyabanda əbədiləşən məzarının ziyarəti olacaq. “Azərbaycan Respublikasının hər bir vətəndaşı sıravi adamdan  tutmuş nazirinə qədər hər bir qarış torpaq üstündə canını da, qanını da  verməyə hazırdır.” Məhz bu idi qəhrəman generalımızın şərəfli missiyası. Şəhid generalımız Məhəmməd Əsədov bu xalqın, bu millətin namus, qeyrət keşikçisi, vicdan,  ləyaqət rəmzidir. Məhəmməd Əsədov təmənnasız xidmətləri, müdrik əməlləri ilə xalqın qəlbindədir və xalq bu cür qəhrəmanları ilə hər zaman iftixar duyur. O, öz vicdanının səsi ilə xalqının təhlükəsizliyinin təminatçısı kimi Vətənin müdafiəsinə  qalxaraq bildirirdi ki,  “Çalışırıq, çalışırıq… qəti tədbirlər görürük ki, burda hər bir adamın təhlükəsizliyini təmin edək. Buna biz nail olacağıq! Qoy hamı bilsin və hamı rahat işləsin!.. “  Biz artıq Qəhrəman Şəhidlərimizin və Qazilərimizin 44 günlük Vətən müharibəsində yağı düşmən önündə son damla qanınadək göstərdiyi misilsiz şücaəti bahasına qalib xalq adını qazanmaqla, bu şərəfə nail olmuşuq, Cənab General! Bəli, biz buna nail olmuşuq! Daha mən də Arazın o tayına yolum düşərkən Qaradağ mahalından azad Zəngilanı-Ağbəndi, Mincivanı qalib xalqın nümayəndəsi kimi seyrə dalaraq düşünürəm ki, sizin də əbədi haqq dünyasında ruhunuz şaddır. Bizim də bir xalq olaraq bu gün başımız Zəngilan çinarlarından da ucadır. Çünki Qarabağ bizimdir! Zəngilan Azərbaycandır! Və mənə görə Zəngilan Məhəmməd Əsədovdur! 


Sevinc Ədalətqızı

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020