Naxçıvanda turizmin inkişafı və prioritet istiqamətləri mövzusunda açıq dərs keçirildi +FOTO=2

“Naxçıvanda turizmin inkişafı və prioritet istiqamətləri” mövzusunda açıq dərs keçirildi +FOTO=2

“Naxçıvanda turizmin inkişafı və prioritet istiqamətləri” mövzusunda açıq dərs keçirildi 

 

       

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisas üzrə bir qrup müəllim və tələbələrinin iştirakı ilə “Naxçıvanda turizmin inkişafı və prioritet istiqamətləri” mövzusunda açıq dərs keçirilmişdir.   

     

Dərsi giriş sözü ilə açan mərkəzin elmi katibi Nihad Tarverdiyev bildirib ki  zəngin turizm potensialına malik olan Naxçıvan, insanlarının qonaqpərvərliyi, qədim tarixi, gözoxşayan təbiəti ilə gələn qonaqları özünə heyran qoyur. Muxtar respublikanın turizm imkanları bütün vasitələrdən istifadə edilməklə təbliğ olunur.Naxçıvan Muxtar Respublikasının turizm potensialı bu gün dünyanın müxtəlif ölkələrinin turizm bazarında yayımlanan televiziya kanallarında, beynəlxalq sərgilər, tədbirlər vasitəsilə öz əhatə arealını genişləndirərək istehlakçılara çatdırılır. Muxtar respublikada turizm xidmətlərinin səviyyəsi, müxtəlif turizm növləri iqtisadiyyatımızın prioritet istiqaməti kimi inkişaf edir. Muxtar respublikanın əlverişli coğrafi mövqeyə, qədim tarixə, ənənəvi dəyərlərə, cəlbedici təbiətə malik olması, yerli dəyərlərin beynəlxalq aləmdə uğurla təbliği bu sahənin inkişafına geniş imkanlar açır. Muxtar respublikada turizmin daha sürətli inkişaf etdirilməsi məqsədilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, atılan addımlar buraya turist axınını şərtləndirən əsas amillərdəndir.

     

Qeyd olunmuşdur ki, muxtar respublikanın turizm potensialından istifadəyə yönələn tədbirlərin davamlılığının təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası xüsusi əhəmiyyət kəsb edir. Proqramın məqsədi muxtar respublikanın turizm potensialından tam istifadə edilməsi və bu sahədə müasir idarəetmə mexanizminin yaradılmasıdır. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təşkilatçılığı, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə diyarımızın turizm zənginlikləri geniş təbliğ olunur. 

       

Diqqətə çatdırılmışdır ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarixi mədəni abidələrimiz əyilməzlik simvoludur. Burada qədim dövrlərin yadigarı olan tarixi-memarlıq abidələri - Möminə Xatın, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Qarabağlar Memarlıq Kompleksi, həmçinin təbiət abidələri əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, narbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı Gəmiqaya abidəsi, Kilit mağarası, Qazma mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə qalası, möhtəşəmliyi ilə seçilən Haçadağ, Babək qalası, Göy-göl, Əshabi-Kəhf və yüzlərlə sənət əsərləri, ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu və s. Naxçıvan diyarının analoqu olmayan turizm potensialıdır.Bu potensialdan səmərəli istifadə etmək məqsədilə mühüm işlər görülmüş, şəhər və rayonlarda milli və müasir memarlığın nailiyyətlərini özündə cəmləşdirən istirahət parkları istifadəyə verilmiş, müasir tələblərə cavab verən mehmanxanalar tikilmiş, yeni abidələr ucaldılmış, tarixi yaddaşı əks etdirən qədim memarlıq abidələri bərpa və konservasiya edilərək əvvəlki görkəmlərinə qaytarılmışdır. Muxtar respublikanın rəngarəng təbiət mənzərələri, əlverişli iqlim şəraiti, mineral suları ekoturizmin inkişafını şərtləndirən başlıca amillər sırasındadır. Muxtar respublikada mövcud olan dini ziyarətgahlar, pir və imamzadələr, xüsusilə müqəddəs Qurani Kərimin «Əl-Kəhf» surəsində haqqında bəhs edilən Əshabi-Kəhf ziyarətgahı dini turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada müasir tələblərə cavab verən turizm obyektlərinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.    

       

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”. Naxçıvan Muxtar Respublikasında da turizm imkanlarından istifadə məqsədilə həyata keçirilən tədbirlərin sayı ildən-ilə artmaqda davam edir. Yerləşdiyi coğrafi mövqe, hər biri ayrı bir tarix olan mədəni abidələrin, unikal dada malik mineral suların, milli mətbəx nümunələrinin, insan sağlamlığına faydası saymaqla bitməyən müalicə ocaqlarının mövcudluğu yerli və xarici turistlərin marağını Naxçıvana cəlb edən faktorlar kimi önə çıxmaqdadır. Bu imkanlardan yararlanmaq üçün irimiqyaslı infrastruktur layihələrinin reallaşdırılması Naxçıvanda turizmin gələcək inkişafı üçün də əlverişli şərait formalaşdırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dediyi kimi: “Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi-sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür”. 

       

Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və turizm kafedrasının müdiri, Flora Kərimova və həmin kafedranın müəllimi Nigar Bababəyli  universitetdə “Turizm  işinin təşkili” ixtisası üzrə tədris prosesinin təşkili haqqında məlumat vermişlər.

       

Sonda elmi katib tələbələrə mərkəzdə təşkil edilən kitab sərgiləri haqqında məlumat vermiş və mərkəzin əməkdaşı Ruzi Süleymanov dərs iştirakçılarını çap materialları fondu ilə tanış etmişdir.

       

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020